“Beynəlxalq Əlillər Cəmiyyəti”nin üzvləri Elnarə Abdullayevanın konsertində
Bildiyiniz kimi, 26-28 mart tarixlərində Heydər Əliyev Sarayında Azərbaycan Respublikasının Əməkdar artisti Elnarə xanım Abdullayevanın konserti keçirilmişdir. Böyük anşlaqla keçən konsertin sonuncu günü Elnarə xanım növbəti dəfə xeyirxah bir addım ataraq konsertə bilet almağa maddi imkanı çatmayan bütün kateqoriyalı əlilliyi olan və imkansız pərəstişkarlarını təmənnasız olaraq konsertə dəvət etmişdir. Dəvətlilər arasında “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin üzvləri və “Əlillər Dünyası” qəzetinin əməkdaşları da var idi. Konsertin sonunda gözdən əlil olan pərəstişkarının öz əlləri ilə düzəltdiyi gül buketini təqdim etməsi geniş ürəyə malik Elnarə xanımı çox təsirləndirdi. Konsertdə iştirak edən “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in səlahiyyətli nümayəndəsi və Naxçıvan MR Ordubad rayonu üzrə kordinatoru, 1-ci qrup əlil, 12 kitab müəllifi Rasim Gənzəli konsertin onlara böyük ruh yüksəkliyi bəxş etdiyini vurğulamış, bunun imkansız və əlilliyi olan insanlara Elnarə xanım tərəfindən edilmiş Novruz hədiyyəsi kimi qəbul edildiyini, həmçinin İctimai Birliyin bütün üzvləri və sədri Tahir Xudiyevin adından Elnarə xanıma, konsertin təşkilatçısı “Qafqaz Teatrı” MMC-nin direktoru Şahin Cəfərova və Baş adminstratoru Akif Mahmudova dərin minnətdarlığını bildirmişdir.
Biz çox fəxr edirik ki, Azərbaycan incəsənətində Elnarə xanım Abdullayeva kimi yüksək səhnə mədəniyyətinə, geniş ürəyə malik, gözəl səsi və sadəliyi ilə xalqın sevgisini qazanmış sənətkarlar var.
Onu da qeyd edək ki, “Beynəlxalq Əlillər Cəmiyyəti”nin üzvləri bu yaxınlarda Bakının müxtəlif mədəniyyət mərkəzlərində təşkil olunmuş Novruz şənliklərində də iştirak etmişlər.
“Əlillər Dünyası” qəzetindən,
29 mart 2016-cı il