3-Dekabr Beynəlxalq Əlillər Günü ilə bağlı hərbi hissədə tədbir
"Beynəlxalq Əlillər Cəmiyyəti" İB və Müdafiə Nazirliyi ilə birgə razılaşdırılmış şəkildə 29 noyabr 2018-ci il tarixində Agdam rayonu "N" saylı hərbi hissədə 3 Dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirildi.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edildi və Azərbaycanın himni səsləndirildi.
"N" saylı hərbi hissənin komandiri tədbir iştirakçılarını salamladı, qonaqların gəlişinin məqsədini açıqladı və sözü "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in sədri Tahir Xudiyevə verdi. Tahir Xudiyev çıxışında bildirdi ki, 3 Dekabr BMT tərəfindən elan olunmuş Beynəlxalq Əlilliyi olan insanların günüdür. Bu gün bayram etmək üçün deyil, bütün dünya ictimaiyyətinin diqqətini əlilliyi olan şəxslərin problemlərinin həllinə və hüquqlarının müdafiəsinə cəlb etmək məqsədi daşıyır. O, ictimai birliyin bu gün münasibəti ilə əvvəllər müxtəlif yerlərdə tədbirlər keçirdiyini, bu il isə hərbi hissədə əsgərlərimiz qarşısında ictimai birliyin Mədəniyyət şöbəsinin üzvlərinin iştirakı ilə konsert proqramı ilə çıxış etməklə öz töhfələrini vermək istədiklərini söylədi.
Tahir Xudiyev onu da qeyd etdi ki, İB-in vaxtı ilə Azərbaycan Ordusunda və hüquq-muhafizə orqanlarında hərbi təlim görmüş 50-yə yaxın üzvlərinin aprel döyüşlərində Müdafiə Nazirliyinə etdikləri müraciət bu gün də qüvvədədir. Belə ki, sağlamlıq imkanlarının məhdud olmasına baxmayaraq onlar, lazım gələrsə vətənin madafiəsində Ali Baş Komandanın əmr və göstərişlərini hər an yerinə yetirməyə hazırdırlar.
Sonra Müdafiə Nazirliyinın əməkdaşı, dövlət qulluqçusu Zümrüd Səmədova çıxış edərək bildirdi ki, əlilliyi olan insanlar arasında Qarabağ müharibəsində sağlamlığını itirərək əlil olan insanlar da var. Onlar daima dövlət qayğısı ilə əhatə olunub. Bu gün bu tədbirdə iştirak edən "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in üzvləri arasında da Qarabağ müharibəsi əlilləri və veteranları da var.
SSRİ Dövlət Təhlükəsizlik Orqanlarının Fəxri Əməkdaşı, Əfqanıstan və Qarabağ müharibələri veteranı, MDB-nin Döyüş əməliyyatları veteranı, Nərimanov rayon MƏSQVT-nın sədri, istefada olan polkovnik, "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in Hərbi işlər üzrə Baş müşaviri və Ağsaqqallar Şurasının sədri Elşad Sabanov əsgərlərimiz və gənc zabitlər qarşısında hərbi vətənpərvərlik mövzusunda çıxış etdi, onları qələbə əzmi ilə vətənə xidmət etməyə çağırdı və həmin geçə yenicə yazdığı vətənpərvərlik ruhlu şerini də söylədi.
Elşad Şabanov həmçinin əsgərlər və zabitlərlə səmimi görüşlər keçirərək özünün döyüşçü kimi keçdiyi həyat yolundan da danışdı və əsgərləri hərbi elmlərə dərindən yiyələnməyə, düşmənə qarşı amansız olmağa, vətəni göz-bəbəyi kimi qorumağa və özlərini mənəvi və psixoloji cəhətdən lazım gələcək qarşıdakı döyüşlərə hazır olmağa çağırdı və əlavə etdi ki, hörmətli Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin səy göstərdiyi danışıqlar sülh yolu ilə həll olunmazsa, yaşımıza baxmayaraq biz veteranlar da Azərbaycan Silahlı Qüvvələri ilə birlikdə vətən uğrunda qəti və müqəddəs döyüşlərə hazırıq və Ali Baş Komandanın torpaqlarımızın azad olunması üçün əmrini səbirsizliklə gözləyənlərdən biri də mən Elşad Şabanovam.
"Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in əməkdaşı, Qarabağ müharibəsi və Silahlı Qüvvələr veteranı, tibb xidməti polkovniki İlham Sadıqov da çıxış edərək əsgərləri, hərbi hissənin zabit heyətini salamladı, onlara hərbi xidmətlərində uğurlar arzuladı.
Müdafiə Nazirliyi, "Beynəlxalq Əlillər Cəmiyyəti" İB və hərbi hissənin şəxsi heyətinin iştirakı ilə keçirilən tədbir konsert proqramı ilə davam etdi. Konsertdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kafedra müdiri, dosent, xalq artisti Teyyub Aslanov, muğam ifaçısı, AzTV-nin solisti Malik Həsənov, "Beynəlxalq Əlillər Cəmiyyəti" İB İdarə Heyəti üzvü, aktyor, 2-ci qrup əlil Riad Sultanov, İB-in Mədəniyyət şöbəsinin uşaqlardan ibarət rəqs qrupunun üzvlərinin ifa etdikləri rəqslər, İB-in digər istedadlı üzvləri - 2-ci qrup əlil Cavid Gözəlovun gitaranın müşayəti ilə ifa etdiyi "Cənab leytenant", 1-ci qrup gözdən əlil Müslüm Müslümzadənin ifa etdiyi "Dilkəş təsnifi", 1-ci qrup gözdən əlil Allahverdi Əhmədovun özünün yazdığı "Agdamım" seiri, müğənni və xoreoqraf Kamil Ağayev, konsertin ən kişik və istedadlı müğənnisi Röya Əhmədovanın ifaları əsgərlərimiz tərəfindən alqışlarla qarşılandı.
"Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in dəvəti ilə tədbirə qatılan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələri - Nurlana Kərimli, Əmrah Məcdunov, Rəvanə Vəliyeva, Anar Əhmədov, Şəmşəd Məmmədov, musiqiçilər Vüsal Qasımov, Kamal Abdullayev, Seymur Abdullayevin ifasında səslənən şən mahnılar da əsgərlərimizdə ruh yüksəkliyi yaratdı.
Azərbaycan və dünya ədəbiyyatına, mədəniyyətinə, tarixinə aid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə çap olunmuş 200 ədəd kitab AMEA Mərkəzi Elmi Kitabxananın direktoru, "Beynəlxalq Əlillər Cəmiyyəti" İB İdarə Heyəti üzvü Leyla İmanovanın təşəbbüsü ilə və "Beynəlxalq Əlillər Cəmiyyəti" İB tərəfindən isə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının nəşri olan 170 ədəd "Vətəndaş Cəmiyyəti" jurnalı hərbi hissənin kitabxanasına hədiyyə edildi.
Hərbi hissədə vətənpərvərlik ruhunda keçirilən tədbirin yüksək səviyyədə təşkilinə görə "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in sədri Tahir Xudiyev Fəxri Fərmanla təltif olundu.
Müdafiə Nazirliyinin əməkdaşları - dövlət qulluqçuları Murad Müslümov və Sairə Rəsulova, İB-in Qarabağ regionu üzrə nümayəndəliyinin rəhbəri, Qarabağ veteranı Həsənağa Bayramov, Mərkəzi Elmi Kitabxananın əməkdaşları - direktor müavini Ruzi Məmmədov, Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü, Layihələrin icrasına nəzarət bölməsinin rəhbəri Habil Əliyev, ADMİU-nun dekanı, fəlsəfə doktoru, dosent Nərmin Qaralaova, AzTV-nin Qarabağ bölgəsi üzrə müxbiri Allahverdi Əsədov və operatoru Fərid Əsədov da tədbirdə iştirak edirdilər.
Onu da qeyd edək ki, bundan əvvəl "Beynəlxalq Əlillər Cəmiyyəti" İB və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Tərtər rayonu "N" saylı hərbi hissədə də tədbir keçirilmişdi. Keçirilən bu tədbirlər zamanı əsgərlərimiz sanki ailə üzvləri ilə görüşdüklərini bildirirlər. Əsgərlərimizlə birbaşa canlı görüşlər isə gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsinə müsbət təsir göstərir.
Məlahət Abdullayeva
"Əlillər Dünyası" qəzetindən
30 noyabr 2018-ci il