1 saylı CM-dakı əlil məhbuslara maarifləndirmə tədbiri
Tədbirlər Planına müvafiq olaraq indiyədək bir çox Cəzaçəkmə Müəssisələrində əlil məhbuslarla görüşlər keçirilmişdir.
22.11.2011-ci il tarixində isə “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə birgə 1 saylı Cəzaçəkmə Müəssisəsində cəzaçəkən müxtəlif qruplu əlilliyi olan məhkumlarla “Əlilliyi olan məhkumların sosial reabilitasiyasının həyata keçirilməsi qaydaları” mövzusunda görüş keçirmişdir.
Tədbirdə 17 nəfər əlilliyi olan məhbuslar, PX-nın Baş İdarəsi Tərbiyə İşinin Təşkili İdarəsinin böyük inspektoru, ədliyyə mayoru Natəvan Tahirova, inspektor, ədliyyə mayoru Samir Mehdiyev, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev, Birliyin hüquqşünası Səhəddin Cəfərov, 1 saylı CM-nın təlim-tərbiyə işinin təşkili üzrə rəis müavini Elxan Bəylərov və dəstə rəisləri iştirak etmişlər.
Tədbirdə mövzu ilə əlaqədar Tahir Xudiyev, Natəvan Tahirova, Səhəddin Cəfərov, Elxan Bəylərov çıxış etmişlər.
Söhbət zamanı əlil məhkumları maraqlandıran suallar, onların irəli sürdükləri problem və çətinliklər dinlənilmiş və həmin problem və çətinliklərin mövcud qanunvericilik çərçivəsində həlli barədə onlarla maarifləndirmə işləri aparılmışdır. Əlil məhbuslar Nizami rayonu Tibbi-Sosial-Ekspert-Komissiyasından haqlı olaraq narazılıq etdilər. Belə ki, Hepatit C və ağır gedişli kavernoz vərəm xəstəliyi olan məhbuslar müayinədən keçəndən sonra onlara əlillik dərəcəsi verilməyib. Müayinə vaxtı bəzi əlil məhbusların sənədləri TSEK tərəfindən itirilmişdir. Sənədlər yenidən təqdim ediləndən sonra aradakı ayların pensiyası ödənilməyib. Forma 88 verilsə də əlillik dərəcəsi almaq əlil məhbuslar üçün problemə çevrilib. Təəssüf ki, bu hal yalnız 1 saylı CM-dakı məhbuslara aid deyil, Nizami rayonunda yaşayan azadlıqda olan vətəndaşlar da belə problemlərlə üzləşirlər.
Tədbirlər Planına müvafiq olaraq, bu səpkidə tədbirlər ƏN PX ilə davam etdiriləcək və əlil məhkumlarla bağlı müəyyən problem və çətinliklər ictimai nəzarətə götürüləcəkdir.
Sonda İctimai Birliyin sədri Tahir Xudiyev çıxış edərək 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə ədliyyə işçilərini təbrik etmiş, onlara uğurlar arzu etmişdir.