28 May –1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən 28 May- Respublika günü dövlət bayramı kimi qeyd edilir.
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbuslar və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin sosial problemlərinin həllinə ictimai dəstək” adlı layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 94-cü ildönümü münasibətilə 25 may tarixində Penitensiar Xidmətin 10 saylı Cəza Çəkmə Müəssisəsində tədbir həyata keçirmişdir. İctimai Birliyin sədri və layihənin direktoru Tahir Xudiyevin təşəbbüsü ilə keçirilən bu tədbirdə İctimai Birliyin istedadlı üzvü, 1-ci qrup əlil Ümid Cümşüdovun dekorativ sənət üzrə 10-a yaxın əl işləri nümayiş etdirilmişdir. İB-in İdarə Heyətinin üzvü, 1-ci qrup gözdən əlil, Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm “ Media mükafatçısı, şairə Ülkər Atəş çıxış edərək məhbusları təbrik etmiş, onlar üçün öz şerlərindən ifa etmişdir. Tahir Xudiyevin dəvəti ilə müğənni Murad da bu tədbirə qatılmışdır.
İB-in əməkdaşları həmçinin əlil məhbusların ailələrindəki problemlərlə maraqlanmış və onların həll edilməsi üçün qeydiyyata götürmüşdür. Tədbirdə 10 saylı CÇM-nın əməkdaşlarına və məhbuslara təqdim edilən layihə çərçivəsində nəşr olunmuş “Əlil məhbuslar üçün qanunlar toplusu” adlı kitab onlar tərəfindən böyük maraqla qarşılanmışdır.
Tədbirdə Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin inspektoru, ədliyyə baş leytenantı Ramin Osmanov, 10 saylı CÇM-nın tərbiyə işləri üzrə rəis müavini, ədliyyə polkovnik-leytenantı Əli İbrahimov, böyük inspektor, ədliyyə mayoru Kamil Qurbanov, dəstə rəisləri və CÇM-da cəzaçəkən 900 nəfər məhbus iştirak etmişdir ki, bunlardan 40 nəfəri əlildir. Sonda Ümid Çümşüdov “Beynəlxalq Əlillər Cəmiyyəti “ İctimai Birliyi adından əl işlərindən birini 10 saylı CÇM-ya hədiyyə etmişdir. Əli İbrahimov çıxış edərək bu tədbirin keçirilməsi üçün İctimai Birliyin əməkdaşlarına təşəkkür etmiş, belə tədbirlərin məhbuslarda ruh yüksəkliyi yaratdığını demişdir.
Mətbuat Xidməti
25 may, 2012-ci il